Son xəbərlər

 


Hökumətdən varlılara xəbərdarlıq...

 

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti(ASC) varlıların villaları, onlara məxsus istixanalar və obyektlərin işıq pulu verməkdən yayınması barədə ilginc məlumat yayıb. "Azərişıq"ın mətbuat xidmətindən bildiriblər ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş "Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi proqramı"nda enerji haqlarının yığılmasının 100 faizə çatdırılması üçün "Azərişıq" tərəfindən irimiqyaslı texniki və təşkilati tədbirlər görülür.

Məlumatda qeyd olunur ki, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb.

"Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə işimizə maneə olan elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır. Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların,xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq-mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyətə məlumatlandırılacaqdır", - deyə məlumatda bildirilir.

Aydındır ki, həm villalar, həm bahalı obyektlər (hotellər də daxil), o cümlədən istixanalar ("parniklər") əsasən imkanlı adamlara, eləcə də məmur-oliqarxlara məxsusdur. Varlıların belə mülklər daha çox paytaxtın "milyonerlər məhəlləsi" kimi tanınan Gənclik və Binəqədi rayonunda "Vorovski" kimi tanınan ərazidə, Badamdar qəsəbəsində, dənizkənarı bağ massivlərində, Novxanı ərazisində yerləşir.

Villaların işıq pulu ödəməkdən ən müxtəlif üsullarla yayınması yeni xəbər deyil. Amma əhali ilə müqayisədə onların işığını kəsmək o qədər də asan məsələ deyil. Bu səbəbdən "Azərişıq"ın xəbərdarlığı o anlama gəlir ki, artıq hökumətin də bu məsələdə "səbir kasası" dolub.

Daşınmaz əmlak bazarı üzrə ekspertlər "Yeni Müsavat"a bu xəbərdarlığı şərh edərkən deyiblər ki, xüsusən ötən ilin sonlarından qiyməti 1 milyon manat və daha yuxarı olan villaların satışa çıxarılması ilə bağlı elanların saytı artıb.

Ekspertlər bahalı əmlakların satışı ilə bağlı elanların çoxalmasını bir neçə səbəblə izah edir. Onun sözlərinə görə, satışa çıxarılan bahalı mülklərin əksəriyyəti sahibinin xərcləri ödəyə bilməməsi, kommunal tariflərin artırılması və digər səbəblərlə bağlıdır: "O cümlədən bahalı mülklərin bəziləri banklar tərəfindən, bəziləri sahibləri tərəfindən satışa çıxarılır. Həmin mülkü sataraq banka olan öhdəliklərinin bağlanmasında istifadə edirlər. Bundan başqa, əmlak alqı-satqısına görə vergilərin və kommunal tariflərin artırılması ilə bağlı qərarlar qəbul edilib. Bu da bəzi insanlarda bahalı mülklərə olan marağı azaldıb. Çünki onların saxlanma xərcləri artır. Bəzi insanlar bu səbəblərdən öz bahalı mülklərini satışa çıxarırlar. Eyni zamanda tələb aşağı düşür. Bu da təklifi artırır. Təklif artdıqca qiymətlər azalır. Ümumiyyətlə, son dövrlər ölkədə maliyyə bazarında baş verən proseslər alqı-satqı bazarına təsir edib və alqı-satqı əməliyyatlarının həcmi azalıb".

Ekspertlər deyirlər ki, bahalı əmlaklar əvvəllər elan saytları vasitəsilə satışa çıxarılmırdı, daha çox satıcı və alıcılar öz aralarında danışaraq sövdələşirdilər. Amma son illər qiyməti milyonu ötən əmlakların satışına dair elanların saytlarda, KİV-lərdə yerləşdirilməsi artıb. Bu da onu göstərir ki, indiki şəraitdə alıcı tapmaq üçün onun reklamına ehtiyac var.

Parniklərə gəlincə, iddialara görə, varlı məmur təbəqəsinin Bakının Kürdəxanı, Maştağa, Buzovna, Mərdəkan və Şüvəlan kəndlərində yüzlərlə istixanaları ("parnik") var. Bu istixanalarda isə ən müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən xaricə satılan güllər də daxildir. Bu biznes onlara yaxşı pul qazandırsa da, belə görünür ki, tutduqları mövqedən istifadə edərək dövlətin işıq pulunu belə vermək istəmirlər. Eləcə də hotellərlə bağlı vəziyyət də fərqli deyil. Azərbaycana turist axını var və hotellərin ( əyalətlərdə də) bu işdən qazancları da pis deyil. Amma göründüyü kimi, onlar yaxşı qazansalar da, kommunal borcları ödəmək istəmirlər. Məhz bu səbəbdən də "Azərişıq" indi onlara adlarını açıqlayacağı ilə xəbərdarlıq etmək məcburiyyətində qalıb.