Son xəbərlər

 


Azərbaycan Xalq Cəbhəsi Partiyası çalışırdı ki, bu cür icazələr olmasın və onlar bu yolla Azərbaycan dövlətinə əlavə hücumların təşkilini arzulayırdılar

 

Bu sözləri "Yeni Müsavat"a açıqlama verən millət vəkili Fəzail Ağamalı deyib.

O bildirib ki, bu icazənin verilməsi göstərir ki, Azərbaycan dövləti və onun müvafiq qurumları, demokratik dəyərlərə, prinsiplərə sadiqdir:

“Razılığın verilməsi göstərir ki, Azərbaycan dövləti ölkəmizdə demokratiyanın inkişafında hər zaman maraqlıdır. Eyni zamanda bu piketə icazənin verilməsi ilk növbədə dövlətimizin və müvafiq qurumların qanunlara, Azərbaycan Konstitusiyasına sədaqətin ifadəsi kimi də qiymətləndirilməlidir. Bundan öncə onlar mitinq məsələsi ilə bağlı müraciət etdikləri zaman, yenə də Bakı Şəhər İcra Hakimiyyəti buna yox demədi. Sadəcə olaraq ciddi amilləri nəzərə alaraq, şəhərin mərkəzində deyil, şəhərdən kənarda, böyük bir ərazidə mitinq keçirməsinə razılıq verdi.

Təbii ki, mərkəz olmasa da orada da mitinqin keçirilməsi üçün bütün şərait yaradılır, insanların təhlükəsizliyi təmin olunur və mitinqin keçirilmiş olduğu ərazidə vətəndaşlarımızın hüquqları bu və ya digər şəkildə pozulmur. İndi onların piket istəyinə razılıq verildi. Piket qanunla maksimum 50 nəfərin iştirakı ilə keçirilə bilər. Qanunvericiliyə görə bu, piket keçirilən obyektin müəyyən məsafəsində olmalıdır. Elə yer seçilməlidir ki, piyadaların, nəqliyyatın hərəkəti məhdudlaşmasın. Bu baxımdan bir daha Azərbaycan Xalq Cəbhəsi Partiyasının piket keçirmək istəyinə, Bakı Şəhər İcra Hakimiyyəti müsbət fikrini ifadə etdi. Bunun başqa cür izahı yoxdur”.

Deputat bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası çalışırdı ki, bu cür icazələr olmasın:

“İcazənin verilməməsi ilə Azərbaycan dövlətinə əlavə hücumların təşkilini arzulayırdılar. İstəyirdilər ki, onları himayə edən xarici qüvvələr tərəfindən təhdid və bəyanatlar səslənsin. Özləri də ”baxın Azərbaycanda demokratiya yoxdur"deyərək ən müxtəlif musiqi alətlərində bunu ifadə etməyi düşünürdülər. Xaricdə olan öz əlaltılarının vasitəsilə də Azərbaycan dövlətinə əlavə hücumlar təşkil etmək istəyirdilər. Ancaq bütün bunlar olmadı. Çünki Azərbaycan dövləti buna imkan vermədi. Ona görə yox ki, Əli Kərimlidən hansısa çəkinəcək məqamlar var.

Sadəcə olaraq dövlət başçımız Azərbaycan konstitusiyasına, qanunlarına, ölkədə demokratiyaya hər zaman sadiqliyini nümayiş etdirib, indi də bunun ifadəsini bir daha görürük. Kimlərsə indi də çağırış edir ki, piketi gəlib, kənardan müşahidə edin. Doğrudan da bu, gülüncdür. Məgər bu tamaşadırmı? Əgər elədirsə, o zaman həmin şəxslərə biletlər də paylasınlar. Üstünə də sıralama qoysunlar. Daha çox pula ehtiyacları varsa, bu biletləri gəlib-gedənlərin arasında satıb, tamaşa təşkil etsinlər. İnsanları ora çağırmağın özü artıq bəd niyyətlərdən, xoşagəlməz məqsədlərdən xəbər verir. Təbii ki, dövlət tərəfindən piket üçün lazımi şərait yaradılacaq. Piketin konkret olaraq göstərilən zamanı da var. Bu zaman ərzində onlar öz sözlərini deməlidirlər. Bakı Şəhər İcra Hakimiyyətinin ünvanına bir bəyanat da səsləndirə bilərlər. Bununla da sakit şəkildə dağılışıb, gedərlər. Əli Kərimlinin avantürist dəstəsi bəzi şeyləri unutmasınlar. Onlar dövlətimizə qarşı öz təxribatlarını davam etdirsələr, Azərbaycan xalqının iradəsi qarşısında əriyib, gedəcəklər. Bununla da tarixə qara hərflərlə yazılacaqlar. Bütün bunları onlar unutmalı deyil.

Çox arzulayardım ki, insanlarımız, gənclərimiz Əli Kərimlinin avantürasına qoşulmasınlar. Bunun müəllifi olan Əli Kərimli sadəcə olaraq bu gün Azərbaycan dövlətinə problemlər yaratmağa çalışsa da buna nail ola bilmir və bilməyəcək də. Çünki bu gün Azərbaycanın güclü dövləti, dövlətçiliyi var. Bu dövlət beynəlxalq miqyasda da kifayət qədər böyük nüfuza malikdir. Dövlətimizlə bərabər Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsi var. Bu gün siyasi proseslərdə Azərbaycan dövlətinə və dövlətçiliyinə kifayət qədər sədaqətli insanlar var. Bu sədaqətli insanların siyasətlərinin qarşısında Əli Kərimli heç nə edə bilməyəcək. O, buna əmin olmalıdır".